A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Məqsəd Nur

Məqsəd Nur


Məqsəd Nur - jurnalist, nasir.


Məqsəd Nur 1968-ci ildə anadan olub. 


1988-ci ildə "Mingəçevir işıqları" qəzetində peşə fəaliyyətinə başlayıb. Elə həmin il gənclərin həyatından yazdığı bir çox məqalə və reportajlara görə qəzetin illik mükafatını alıb. 


1989–1993-cü illər arasında Azərbaycanın bir çox aparıcı qəzetlərində hərbi reportyor və fotoreportyor kimi çalışıb. Bu illərdə Qafqazda, Rusiyada və Azərbaycanda baş verən qaynar hadisələrin içindən hazırladığı reportajları, müsahibələri və fotoşəkilləri ilə tanınıb. 1-ci Qarabağ Müharibəsində qaynar nöqtələrdə reportyor kimi çalışıb. 


1993–1998-ci illər arasında həftəlik "Press-fakt" qəzetininbaş redaktoru və qurucusu olub. 


Məqsəd Nurun ilk ədəbi yazıları da bu qəzetdə yaratdığı "Yarıqaranlıq" rubrikasında dərc edilib. Bu rubrika altında yazılmış ilk miniatür hekayələri o vaxtın ictimai əhvalının mahiyyətini açır, eyni zamanda sovet dövründən qalmış yazı və düşüncə stereotiplərini yeniləyirdi. 


1993-cü ildə Məqsəd Nur dostu, ədəbiyyatşünas Tehran Əlişanoğluilə "YeniSi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzini yaradır. Daha sonra, Məqsəd Nurun təşkilatçılığı ilə Azərbaycanda ilk anadilli ədəbiyyat saytı — www.yenisi.net və bu saytın içərisində ədəbi müzakirələr üçün forum yaradılır. Bu, Azərbaycanda çağdaş və avanqard ədəbiyyat yazarlarını birləşdirən ilk sayt və ədəbi müzəkirələri Azərbaycan dilində internet məkana çıxaran ilk ədəbiyyat forumu idi. Burada 30-dan çox gənc müəllif birləşirdi. Sayt hər həftə yenilənir və forumlarda ədəbi mübahisələr, müzakirələr aparılırdı. Məqsəd Nurun əsərləri Azərbaycanın bir çox mətbu orqanlarında, ədəbi nəşrlərində, o cümlədən Özbəkistan (Caxon edebiyyatı), Rusiya (Proza.ru), Türkiyə (Yeddi iklim), Gürcüstanda (Alternativa) dərc edilib. Müəllifin əksər əsərlərinin rus dilinə tərcüməsi daha çox rusdilli internet oxucularının arasında populyarlaşıb: http://www.proza.ru/avtor/magsad. 


Əsərlərinin internet resursunda tanınmasına və oxucu kütləsi yığmasına görə Məqsəd Nur Rusiyanın məşhur Lib.ru saytının fəxri redaktoru seçilib. Sankt-Peterburqda yerləşən və rusdilli internet şəbəkəsində tanınan Litsovet.ru portalının 7000-dən çox müəllifi sırasında Məqsəd Nur saytın reytinq cədvəlinin 3-cü pilləsinədək irəliləyə bilib. 2006-cı ilin əvvəlində bu saytın "superonluq" adlı müsabiqəsində 7-ci yerə nail olub. Müəllifin 2 əsəri –"Gəlmə" və "Vasili Daniloviçin Orkestri" hekayələri Litsovet.ru-nun kitabxanasına daxil edilib. "Tərs kimi" hekayələr toplusu (2005), "Şəhər Meri" romanı (2011), "Oliqarxın alaçığı" roman və silsilə hekayələr (2023) kitablarının müəllifidir. "Şəhər Meri" romanı Milli Kitab Mukafatının (2011) və "Ədəbi Azadlıq" Müsabiqəsinin (2012) qalibidir. "Şəhər meri" romanı bir neçə əcnəbi dilə tərcümə olunaraq digər ölkələrdə ayrıca kitab şəklində nəşr olunub (Gürcüstan, Türkiyə, İran). Roman Ukraynada — "Vsesvit" jurnalında, Rusiyada — "Nezavisimaya qazeta"da dərc edilib.

No comments:

Post a Comment