A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı pdf

Niyazi

Niyazi
Niyazi

Niyazi - məşhur azərbaycanlı dirijor və bəstəkar.


Niyazi (Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Ü.Hacıbəyov, M.Maqomayev , Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Vəzirov, H.Cavid kimi dövrünün tanınmış sənət adamları, yazıçıları arasında böyüyüb.


Tağızadə soyadı onun anasının soyadı deyil. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür.


Musiqi yaradıcılığı


Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925-1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirir. 1929-1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alır. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib.


Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ-da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1951 — 1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlamışdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçmişdir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbulOpera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.[2]


1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunmuşdur.


Dirijorluq


Niyazi Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlar etmişdir. Niyazi məşhur hind filosofu R. Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazmışdır. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O həmçinin Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olmuşdur.


Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır.[3] Məhz Niyazi Azərbaycan dirijorluq məktəbinin banisidir. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini — "Rast" və "Şur"u nota köçürür. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayev (bəstəkar)in "Nərgiz" operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun "Koroğlu", Qara Qarayevin və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi etmişdir. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə ən məşhur əsərini — "Rast" simfonik muğamını yazır. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in xalq artisti, SSRİ xalq artisti adlarına, Ü.Hacıbəyov adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüşdür. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.


Maestronun ailə həyatı


Niyazinin böyük bəstəkar və dirijor olmasında əsas dəstəkçilərindən biri də ömür gün yoldaşı Həcər xanım olmuşdur. Onların tanışlığının maraqlı tarixçəsi vardır:


Bir gün Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilir. Irandan olan əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla da elə Mahaçqalada tanış olur. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi bəy Həcər xanımı burada görür və bir-birlərinə aşiq olurlar. Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyirlər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmur. Gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nigahı 1940-ci ildə rəsmiləşdirilir. Gənclər harda, necə yaşayacaqlarını bilmirmişlər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə xoşbəxt ömür sürürlər.


Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Bəzi mənbələrdə qeyd edilir ki, onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilir. Elə ailə dramı bundan sonra başlayıb. Ceyhun ailəni min bir əziyyətə düçar edib. Sonradan müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun aqibəti isə bəlli olmur. Hətta onun həbsxanada öldüyü də bildirilir.


mənbə: vikipediya

No comments:

Post a Comment