Fatma Mehrəliyeva |
Fatma Mehrəliyeva - müğənni (lirik soprano), Azərbaycan SSR əməkdar artisti (1956).
Fatma Mehrəliyeva (Fatma Yusif qızı Mehrəliyeva) 1926-cı il iyunun 4-də Qubada anadan olub.
Orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərirlər. Festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir bəyin (Üzeyir Hacıbəyli) diqqətini çəkir. Bununla da, Fatma böyük bəstəkarın himayəsinə keçir.
Azərbaycan musiqi sənətindəki xidmətlərinə görə 1956-cı ildə respublikanın Əməkdar artisti adına layiq görülüb.
Uzun müddət xəstəlikdən sonra 2000-ci ilin 4 yanvarında vəfat edib.
Yaradıcılığı
1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki “Sazçı qızlar” ansamblında işə düzəlir. Artıq filarmoniya səhnəsindən daha bir gözəl, məlahətli səs eşidilməyə başlayır. Beləcə qısa zamanda həzin səsin sahibi ətrafına pərəstişkarlar ordusu toplamağa başlayır.Müharibənin acı sorağı ətrafı məyus edir, hər çöhrəni hüzn, kədər alır.
1941-1945-ci illərin Böyük Vətən müharibəsi Fatma xanımın həyatında da öz izlərini qoyur. Bütün bunlara baxmayaraq gənc müğənni səsini, sənətini səngərlərə, müharibənin od-alov saçan cəbhələrinə də daşıyır, səsi ilə döyüşür və qələbə çalır. Gənc müğənninin həzin səsində dahi Üzeyir bəyin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələri daha çox sevilməyə və ifaçısını tanıtmağa başlayır.Musiqisi Üzeyir Hacıbəyovun sözləri Səməd Vurğunun sözlərinə bəstələdiyi “Şəfqət bacısı” mahnısının ilk ifaçısı olan F.Mehrəliyevanın adı dillər əzbərinə çevrilir. Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.
Beləliklə, sənət yolunda uğurla addımlayan F.Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının məharətli ifaçısı kimi şöhrət tapır. Elə bu şöhrət sayəsində o, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminə dəvət alır və ekran əsərində Telli rolunu ifa edir. Obrazın öhdəsindən ustalıqla gələn Fatma Telliyə yaddaqalan kino həyatı verir. Maraqlıdır ki, ondan sonra da bu rolun ifaçıları Fatmanın xarakterinin Telliyə yansıyan tərəflərini məhz elə o biçimdə yaratmağa çalışıblar. Filarmoniyanın səhnəsində uzun illər çıxış edərək səsi, ifası ilə minlərin, milyonların qəlbinə yol tapan sənətkar dinləyicilərinin yaddaşında «Olmaz-olmaz», “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Qaragilə”, «Muğan qızı», «Unuda bilmirəm» və s. mahnılarla iz qoya bilib.
Filmoqrafiya
- Arşın mal alan (film, 1945)
- Üzeyir ömrü (film, 1981)
No comments:
Post a Comment