Gülarə Qədirbəyova |
Gülarə Qədirbəyova - azərbaycanlı jurnalist.
Gülarə Qədirbəyova (Köylü qızı Gülarə) 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur.
1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930-1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur.
1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir.
1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
1939-cu il yanvarın 20-də Gülarə Qədirbəyovanın istintaq işinin bitməsi haqqında protokol tərtib edilmiş, protokolla tanış olan müttəhim ora bu sözləri əlavə etmişdir: "Mən partiyanın namuslu və sadiq üzvü olaraq qalıram".
1939-cu il fevralın 1-də Azərbaycan SSR Prokurorluğunun müavini Selivestrov və martın 28-də XDİK yanında Xüsusi Müşavirə Katibliyinin müvəkkili leytenant Xolodirov, Xüsusi Müşavirə Katibliyinin I müavini leytenant Borovkov qərara razılıq verdilər. Beləliklə Xüsusi Müşavirənin 1939-cu il 9 iyul tarixli (protokol №14) qərarı ilə Gülarə Qədirbəyova 5 il Sibirə sürgün edilmiş, 1942-ci ildə isə Sibir sürgünündə dünyasını dəyişmişdir.
1957-ci il oktyabrın 30-da Azərbaycan SSR Ali Məhkəməsi onun haqqındakı 1939-cu il 9 iyul tarixli qərarı cinayət tərkibi olmadığına görə ləğv etmiş və ona bəraət verilmişdir.
Gülarə Qədirbəyovanın həyat yoldaşı Asəf Rəhmanov 1938-ci il yanvarın 3-də güllələnmiş, qardaşı Kərim Qazıyev isə Müsavat Partiyasının fəal üzvü kimi sürgün edilmişdir.
Hazırda Baş Göynük kəndindəki 1 saylı orta məktəb Gülarə Qədirbəyovanın adını daşıyır.
mənbə: vikipediya
No comments:
Post a Comment