A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı pdf

Altay Hacıyev

Altay Hacıyev
Altay Hacıyev

Altay Hacıyev - Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).

Altay Hacıyev (Altay Əmir oğlu Hacıyev) 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açmışdır. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. 

1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 

1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. 

1962-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışmışdır. 

1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. 

1995-ci ildə "Humay" mükafatı ilə təltif olunmuşdur. 

Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsü olmuşdur.

Rəssamın bir neçə fərdi sərgisi təşkil olunmuşdur. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri keçirilmişdir.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır. "Azərnəşr"də işlədiyi müddətdə dövrün tanınmış yazıçıları, şairləri ilə tanış olur, onların yaradıcılığını öyrənir. O, bir tərəfdən qələm sahibləri, digər tərəfdən də tanınmış rəssamlar arasında uzun müddət vaxt keçirir. Beləliklə, sənət aləmində özünəməxsus yer tutmuş, imzasını tanıtdırmışdır.

Altay Hacıyevin yaradıcılığı bir sıra özünəməxsus cəhətləri ilə diqqət çəkir. Ukraynada ali təhsil alan sənətkar klassik Avropa rəssamlıq ənənələrini dərindən öyrənmişdir. Bununla yanaşı, öz yaradıcılığında hər zaman şərqli duyumuna malik olduğunu büruzə vermiş, Azərbaycan təsviri sənətinin zəngin ənənələrindən yaradıcılıqla faydalanmışdır. Belə ki, əsərlərinin mövzusu, ideya bədii məzmunu, orijinal üslubu, kompozisiya tərtibatı, kolorit həlli ilə yaradıcılığında iki istiqaməti paralel apardığını, bədii sintez etdiyini müşahidə etmək mümkündür.

Altay Hacıyev yaradıcılığının böyük bir dövrünü kitab qrafikasının inkişafına sərf etmişdir. Neçə-neçə kitaba bədii tərtibat vermiş, bir çox əsərlərə illüstrasiyalar çəkmişdir. Rəssam həm də bir çox silsilələr yaradıb. Ali təhsilini başa vurub Vətənə dönən rəssam 60-cı illərdə Bakıda gedən tikinti-quruculuq, əsaslı təmir-bərpa işlərini, Bakının inkişaf etmiş sənaye şəhərləri səviyyəsinə yüksəldiyini görür və "Yeni Bakı" adlı ilk silsiləsini yaradır. "Xəzər", "Dənizin iftixarı" və "Xəzərin sahibi" adlı yeni silsilələr rəssamın yaradıcılığının ilkin dövrünü təhlil etməyə imkan verir.

Altay Hacıyev yalnız kitab qrafikası ilə kifayətlənməmiş, rəngkarlıq sahəsində də fırçasını sınaqdan çıxarmışdır. Rəngkarlıq əsərlərinin ana xəttini isə şanlı keçmişimiz, tarixi şəxsiyyətlərimiz və zəngin mənəviyyat xəzinəmizin tərənnümü təşkil edir. "Xalqımızın ulduzları" silsiləsindən olan "Tomris", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Xurşudbanu Natəvan", "Tuti Bikə", "Aşıq Pəri", "Ağa Bəyim Ağa" və b. əsərləri diqqətəlayiq əsərlərdir.

Altay Hacıyev 12 fevral 2019-cu ildə Bakıda vəfat edib.

mənbə: vikipediya

No comments:

Post a Comment