A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı pdf

Rövşən Yerfi

Rövşən Yerfi 

Rövşən Yerfi – Azərbaycan nasiri, publisist, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayoru.


Rövşən Yerfi (Rövşən Həsənbaba oğlu Həsənli) 1965-ci ilin aprelin 23-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında (indiki “Azərpoçt”) əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir.

1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan "Şəfqət" qəzetində (indiki "Tibb qəzeti") ilk məsul katib, "Millət" qəzetində (1993-1994) məsul katib müavini işləmişdir. 

1995-2012 -ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuş, müxtəlif rejimli cəzaçəkmə müəssisələrində rejim və tərbiyə işləri sahələri üzrə böyük inspektor vəzifəsində ədliyyə mayoru rütbəsinədək xidmət etmişdir.

2014-2015-ci illərdə “Hədəf nəşrləri”ndə redaktor fəaliyyəti ilə altmışdan çox kitabın hazırlanmasında (redaktə, korrektə, mətn tərtibatı) iştirak etmişdir. 2015-ci ildən milli arxiv xidməti işçisidir.

1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildə isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunub. 

Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi "Debüt-89" respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 

2004-cü ildə "Üzdəniraq ada" adlı ilk kitabı işıq üzü görüb. 

2008-ci ildə "Qadın düşərgəsi" povesti "Bakı Kitab Klubu"nun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilərək çap edilmişdir. 2010 və 2012-ci illərdə hekayələri Azadlıq Radiosunun “Ədəbi Azadlıq” müsabiqəsinin “Seçmə hekayələr” siyahısına düşmüşdür. Yaradıcılığının mühüm hissəsi — “Üzdəniraq ada” romanı, “Qadın düşərgəsi”, “Residivist”, “Qazamat sanitarları” povestləri, “Sanitarlar”, “Həbsxana bənövşəsi” pyesləri, “Qanunda olmayan dövlət” oçerki, “Penitensiar – tövbə etmək, peşmanlamaq” essesi və doqquz hekayəsi cəzaçəkmə müəssisələrinin həyatından bəhs edir. “Məhbəs” 2 cildliyi – müasir Azərbaycan ədəbiyyatı nəsrində məhbəs mövzusunda kəmiyyət baxımından həcm (560s.) və janr çoxluğu (6 janrda) etibari ilə ən böyüyüdür.

Əsərlərinin ikinci böyük mövzusu – qadın mövzusunda “Müqəssir” romanı, “Günahsız qatil” detektivi, “Sel” povesti, beş esse və altı hekayə yazmışdır. “Lənətə gələnlər”, “HİV qasırğası”, “Ziyarət”, “Baba yurdu” povestləri, qırx səkkiz hekayəsi, altmışdan çox kiçik esseləri və mənsur şeirləri isə digər müxtəlif mövzuları əhatə edir. “Mənim gündəliklərim” adlı memuarında 1987-1991-ci illərdə Azərbaycan Sovet Respublikasında baş verən şahidi olduğu mühüm ictimai-siyasi hadisələri işıqlandırmışdır.

Azərbaycan ədəbiyyatında xidmət əməkdaşı kimi “Residivist” (1996) povesti, “Üzdəniraq ada” (2003) romanı, “Ruzi” (2012) hekayəsi ilə başlanan yeni nümunələrlə məhbəs nəsrini zənginləşdirmişdir. Ümumən isə ilk dəfə bu mövzuda pyeslər (“Həbsxana bənövşəsi” (2013), “Sanitarlar” (2017)), oçerk (“Qanunda olmayan dövlət” (2012)), esse (“Penitensiar – tövbə etmək, peşmanlamaq” (2022)), qadın həbsxanası haqqında povest (“Qadın düşərgəsi” (2006)), həbsdəki üzdəniraqlara dair povest (“Qazamat sanitarları” (2013)) və hiv təhlükəsi barədə kiçik povest (“Hiv qasırgası” (2007)) yazmışdır. Eyni zamanda ilk dəfə Azərbaycan məhbəs nəsri haqqında məqalələr (2015) dərc etdirmişdir.

Publisist olaraq yüz əlliyə yaxın esse və ədəbi məqalələrin müəllifidir. Beş kitab redaktorudur. Bədii mətnləri “525-ci qəzet”, “Ədalət”, "Türküstan", "Kaspi" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Yazı" "Mars", "Aran", "Eko-inter", "Ədəbi ovqat" jurnallarında, Dirili Qurbani məclisinin 6 almanaxında və digər müxtəlif 6 topluda çap olunmuşdur. Esse, memuar, pyes, hekayə və povestləri onlarla saytda, o cümlədən, Kitabxana.net və Mədəniyyət Nazirliyinin Milli Kitabxana İnformasiya Mərkəzinin virtual kitabxanasında 15 elektron kitabı yayımlanır.

YouTube kanallarında “Müqəssir” romanı, “Ziyarət”, "Residivist" povestləri, “Rekviyem”, “Axır nəfəs”, “Qeyri-adi “köç” hekayələri və “Qubalı qız”lar”, “Qubanın ağ alması”, “Yerfi silsiləsi” kiçik esseləri səsləndirilmişdir.

İstifadə olunan mənbələr: rovshenyerfi.wordpress.com

No comments:

Post a Comment