Tahir Salahov |
Tahir Salahov - Azərbaycan və Rusiya rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq Rəssamı, 1997-ci ildən Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti
1928–ci il noyabrın 29–da Bakı şəhərində anadan olub.
1957–ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib.
1960–1961–ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1963–74–cü illərdə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr institutunun dosenti, professoru vəzifələrində çalışıb.
1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının müdiri işləyib.
Sovet İttifaqının ən yüksək orden və medalları ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb.
Rusiyanın və bir çox MDB ölkələrinin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San–Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.
Tahir Salahovun "Səhər eşalonu" və "Rezervuar parkı" adlı sənaye peyzajları, "Abşeron qadınları" və "Aydan" tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri, "Köhnə Bakı", "Səhər ovu", "Nardaran qarpızları", eləcə də Odlar Yurdu triptixi – "Atəşgah", "Xəzər bu gün" və "Qız qalası" əsərləri istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Tahir Salahov Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət komissiyasına sədrlik edir. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə daxildir. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvüdür.
Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, respublika Ali Sovetinin deputatı, 1973–cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi vəzifələrində çalışıb. O, həmçinin UNESCO–nun nəzdində fəaliyyət göstərən Millətlərarası Rəssamlar Federasiyasının vitse–prezidenti, 1997–ci ildə Rusiya İncəsənət Akademiyasının vitse–prezidenti seçilib.
2011-ci ildən Avropa Elm və İncəsənət Akademiyasının incəsənət bölməsinin həqiqi üzvüdür.
İstifadə olunan mənbələr: azertag.az, vikipediya
No comments:
Post a Comment